ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlı olmalıdır - Elşən Manafov

09:38 24.04.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Tanınmış politoloq Elşən Manafovla “Həftə içi” üçün söhbətimizdə  qondarma “erməni soyqırımı” mövzusunda ABŞ lideri Baydenin aprelin 24-də gözlənilən çıxışı, ABŞ-Azərbaycan, ABŞ-Türkiyə münasibətləri, rəsmi Vaşinqtonun Zəngəzur dəhlizinin açılmasına münasibəti,  yanlış millətçilik ideologiyası ilə zəhərlənmiş erməni qövmünün politoloji baxımdan müalicəsi və s. məsələlərə toxunduq.

- Elşən bəy,  yəqin ki,  aprelin 24-dəki ənənəvi çıxışında ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanıması ehtimalı çox azdır. Siz necə hesab edirsiniz?

- Əvvəla, Baydendən öncə də ABŞ prezidentləri bir qayda olaraq I Dünya müharibəsi dönəmində baş verən bu hadisələrə münasibət sərgiləyiblər. Onlardan heç biri həmin olayları soyqırımı kimi dəyərləndirməyib. Görünür, bu da daha çox ABŞ-ın NATO üzrə ən ciddi müttəfiqlərindən biri olan Türkiyə ilə münasibətlərinə xələl və problemlərin gətirilməməsi istəyindən irəli gəlir. Bu mənada Ağ evin, Senatın mövqeyinə təsir göstərən ciddi amillərdən biri  erməni diasporunun lobbiçilik etdiyi ABŞ konqresmenlərinin mövqeyi olub. Təəssüflər olsun ki, Baydenin özü zamanında məhz erməni diasporuyla ciddi münasibətlərdə olan ABŞ siyasətçilərindən biri kimi tanınıb. Xatırladım ki, 1992-ci ildə Azərbaycanın əleyhinə olan 907-ci düzəlişin qəbul olunmasında ən fəal iştirak etmiş konqresmenlərdən biri də məhz Bayden olmuşdu. Nəzərə almaq gərəkdir ki, Bayden bu gün ABŞ kimi nəhəng bir fövqəl dövlətin başçısıdır. Yəni konqresmenin və prezidentin dövlət qarşısındakı məsuliyyəti tamamilə başqa rakursda qiymətləndirilir. Bu kontekstdə güman etmirəm ki, Bayden öz sələfi Obamadan fərqli olaraq və daha irəli gedərək bu hadisələrə məhz soyqırım kontekstində qiymət versin. Ağ ev gözəl anlayır ki, bu halda Türkiyə ilə ciddi problemlər yaşanacaq. Onsuz da bildiyiniz kimi, Türkiyə və ABŞ münasibətlərində müəyyən gərginlik mövcuddur. Xüsusilə Tramp zamanında bu gərginlik özünü Türkiyənin Rusiyadan “S-400” raket komplekslərinin alınmasıyla bağlı ABŞ-ın “F-35” qırıcılarını Ankaraya verməməsi məsələsində də büruzə vermişdi. Digər tərəfdən, 1915-ci ildəki ermənilərlə bağlı olayları 106 il sonra soyqırım kimi dəyərləndirmək üçün hüquqi kontekstdə heç bir ciddi dəlil, sübut da yoxdur...

- Yeri gəlmişkən, görünür, ABŞ-Türkiyə münasibətlərindəki sərinlik ABŞ-Azərbaycan münasibətlərinə də sirayət edib. Azərbaycan dövlət başçısı da ADA-dakı çıxışında bu məsələyə toxunaraq qeyd etdi ki, Bayden administrasiyası hakimiyyətə gələndən ABŞ Prezidenti yalnız Novruz bayramında bizi təbrik edib. Dövlət Katibi E.Blinken  Paşinyana zəng edib... Siz necə görürsünüz Azərbaycan-ABŞ münasibətlərinin bundansonrakı perspektivini?

- ABŞ-ın Azərbaycana münasibəti bir neçə rakurs üzərində qurulub. Erməni diasporu, lobbisi nə qədər çalışsa da, rəsmi Vaşinqton Azərbaycanın indiki iqtidarı, dövləti ilə münasibətlərdə ciddi problemlərin yaranmasında maraqlı deyil. Heç də demək istəmirəm ki, Azərbaycan dünya çapında gedən proseslərə təsir imkanlarına malik olan  dövlətlərdən biridir. Bizim ötən il Ermənistana qarşı müharibədə əldə etdiyimiz qələbə Azərbaycanın Güney Qafqazda gerçəkdən bir lider dövlət olduğunu bir daha sübut etdi. Bir də faktlar ortalıqdadır ki, hər halda sözügedən region iqtisadiyyatının ümumi daxili məhsulunun 75 faizi Azərbaycanın payına düşür. Azərbaycan yetərincə strateji bölgədə yerləşir və  Şimal-Cənub, Qərb-Şərq kommunikasiya xətlərinin düz mərkəzindədir. Xəzərə, İrana, Mərkəzi Asiyaya gedən yollar ölkəmizin üzərindən keçir. Zamanında Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə Qərb koalisiyasının yanında ciddi bir mövqe sərgilədi.  Rəsmi Bakı Əfqanıstanda terrorçulara qarşı mübarizədən ötrü ABŞ və müttəfiqləri üçün hava məkanını açıq elan etdi. Eyni zamanda Azərbaycanı Avropanın enerji təhlükəsizliyində oynadığı rol da nəzərə alınmalıdır. Amerika zaman-zaman Rusiyanı Avropanın enerji bazarından çıxarmaq üçün cəhdlər edib. Bu gün də həmin cəhdlər göz qabağındadır. Məsələn, “Şimal-2” axınının  qarşısını almaq üçün ABŞ-ın cəhdləri və onun Avropa üzrə müttəfiqlərinə etdiyi təzyiqlər göz qabağındadır. Ağ Ev gözəl anlayır ki, Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün Rusiyadan da sərfəli, alternativ yollarla enerji resurslarının daxil olmasını təmin etmək gərəkdir. Bu baxımdan, Azərbaycan ABŞ-ın  geosiyasi maraqlarına cavab verən dövlətlərdəndir. Ona görə güman etmirəm ki, Azərbaycan-ABŞ münasibətlərində ölkəmizin maraqlarına cavab verməyən hər hansı bir ciddi problemlər yaşansın. Düzdür,  zaman-zaman ABŞ Dövlət Departamenti Azərbaycan iqtidarını insan haqlarıyla bağlı məsələlərə, çirkli pulların yuyulması, korrupsiya məsələlərinə görə ittham edib. Ancaq ABŞ-ın özünün əbədi maraqları var. Həmin maraqlar naminə Ağ ev erməni diasporu kimi elə də ciddi imkanlara malik olmayan  qurumun hansısa korporativ maraqlarına görə öz strateji maraqlarından imtina etməz...

O ki qaldı Türkiyə ilə münasibətlərə. Ümid edirəm ki, rəsmi Vaşinqton  buna da sayğılı yanaşacaq. ABŞ Ankaraya qarşı siyasətində qırmızı xətti keçsə, Türkiyə-Rusiya münasibətlərinin tamamilə başqa bir amplua üzərində getdiyini görəcək. Ona görə ki, perspektivdə Türkiyə Avrasiya Birliiyinə də qoşula bilər. Bu, Türkiyənin iqtisadi maraqlarına tamamilə uyğun bir tendensiyadır. Üstəgəl, regional problemlərin həllində, regionda sülh və təhlükəsizliyin təmin olunmasında Türkiyə-Rusiya əməkdaşlığının nəticələri göz qabağındadır. Bu da Bayden administrasiyasını düşünməyə sövq etməlidir. Bütün deyilənləri nəzərə alsaq, bundan sonra da ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətlərində ciddi problemlərin yaranacağını güman etmirəm...

- 10 Noyabr  və 11 yanvar razılaşmalarına əsasən açılması planlaşdırılan Meğri dəhlizi məsələsinin Azərbaycan Prezidenti tərəfindən qabarıq şəkildə gündəmə gətirilməsi fonunda  Ermənistan prezidenti Armen Sərkisyanın, ardınca baş nazir Paşinyanın və təxminən eyni vaxtda ABŞ-ın Ermənistandakı səfirinin Zəngəzura, yəni Sünik, Meğri, Qafan istiqamətinə səfərləri, Paşinyana qarşı həmin bölgədə təşkil olunmuş təpkilər, Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törətməsi... Sizcə, bütün bunlar  bir təsadüfdürmü, yoxsa?  Bu nəqliyyat-kommunikasiya dəhlizinin açılmasına ABŞ-ın münasibəti necədir?

- Əslində Birləşmiş Ştatlar 10 Noyabr razılaşmasının bəzi şərtlərinə münasibətlərini açıqlayıb. Yəni Vaşinqtonu qane etməyən amil Rusiyanın ABŞ və Fransa ilə razılaşdırmayaraq münaqişə bölgəsinə özünün sülhməramlı qüvvələrini yeritməsi oldu.  Bununla da Rusiya əslində kimin daha güclü geo-siyasi imkanlara malik olduğunu ABŞ və Avropa Birliyi ölkələrinə göstərmiş oldu. Amma digər  şərtlər, məsələn, nəqliyyat-kommunikasıya xətlərinin açılması zaman-zaman ABŞ və AB-nin özünün də Ermənistanı iqtisadi blokadadan çıxarılması ilə bağlı məlum tələblərinə cavab verən bir amildir. Rusiya, Türkiyə, hətta İran özü də bölgədə nəqliyyat-kommunikasiya xətlərinin daha rentabelli olmasında və buna görə də Meğri nəqliyyat dəhlizinin də açılmasında maraqlıdırlar. Bu halda AB-ni Cənub-Şərqi Asiya, Mərkəzi Asiya və əlbəttə, Çinlə birləşdirən tranzit yol strateji baxımdan daha ciddi əhəmiyyət kəsb edəcək və rentabelli olacaq. Bu mənada düşünürəm ki, ABŞ əslində həmin nəqliyyat-kommunikasiya xətlərinin açılmasında birbaşa olmasa da, dolayısı yolla maraqlı olmalıdır. Nədən ki, ortalıqda  bu layihədə maraqlı olan ABŞ-ın NATO müttəfiqi Türkiyənin, eləcə də Avropa Birliyinin maraqları var. Vaşinqton da, təbii ki, müttəfiqlərinin bu maraqlarını nəzərə almaya bilməz. Uzaq perspektivdə nəqliyyat kommunikasiya xətlərnin açılışı müəyyən mənada Rusiya və İranın da maraqlarına cavab verəcək ki, ABŞ-ın  bu halda müəyyən manevrlər edəcəyi istisna deyil.  Eyni zamanda,  Ağ ev onun da nəzərə alır ki, Zəngəzur nəqliyyat dəhlizi Türkiyənin Azərbaycan və Mərkəzi Asiyanın türkdilli dövlətlərində  təsir imkanlarının artmasına səbəb olacaq. Bu da uzaq perspektivdə Türkiyə və Rusiya münasibətlərində müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər...

- Necə hesab edirsiniz, Paşinyan özü Ermənistanın baş naziri olaraq Zəngəzur dəhlizinin açılması istiqamətində çalışır, yoxsa yox?

- Paşinyan  baş nazir olmadığı dönəmlərdə Meğri nəqliyyat dəhlizinin açılmasıyla bağlı məsələ qaldırmışdı. Xatırladım ki, o, hələ müxalifətdə olanda məşhur “Yelk” siyasi blokunun təmsilçisi idi. Yəni bu, söz “çıxış” deməkdir.  Haradan çıxış?  Paşinyan Sorosun təmsilçisi kimi Ermənistanı Rusiyanın,  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya Birliyinin tərkibindən çıxarmaq, onu tədricən  ABŞ-ın təsir, nüfuz dairəsinə salmağa çalışırdı, amma təbii ki,  bu alınmadı, alına da bilməzdi. Ermənistan iqtisadiyyatının 60 faizi Rusiyadan asılıdır. Hərbi kontekstdə Ermənistan, sərhədlərinin qorunması və Gümrüdəki 102-ci bazanın varlığı baxımından Rusiyanın  mövcudluğunu nəzərə almaya bilməz. Bütün bunların nəticəsində Paşinyanın Soros qarşısında verdiyi vədlər özünü doğrultmadı. Əslində demək lazımdır ki, Rusiya bizim son qələbəmiz vasitəsilə Paşinyanı, Sorosu və dolayısıyla ABŞ-ın özünü cəzalandırdı. Amerikanın siyasi dairələrinə göstərdi ki, bölgədə həlledici  təsir imkanlarına malik olan tərəf kimdir...

Onu da demək lazımdır ki, bütövlükdə Paşinyan Köçəryan və Sərkisyandan fərqli olaraq Ermənistanın gələcəyni düşünən siyasətçi kimi hər halda yaxşı anlayır ki, ölkəsinin gələcəyi bu nəqliyyat dəhlizlərinin açılmasından asılıdır. Bu, Ermənistan iqtisadiyyatına investisiyaların artmasına, Türkiyə-Ermənistan sərhədləri açıldıqdan sonra Ankaranın öz növbəsində İrəvan üçün Avropa Bilriyi ölkələrinə daha perspektivli və rentabelli yollar açmasına gətirib çıxaracaq. Paşinyan bütün bunları gözə alır, təbii ki. Açığını deyək ki, o, Sərkisyan və Köçəryandan fərqli olaraq korrupsiya bataqlığına o qədər də bulaşmayıb. Onlar kimi Azərbaycan xalqının qanına susamış bir siyasətçi deyil. Təbii ki, son Vətən savaşında iş elə gətirdi ki, işğalçı dövlətin başında məhz Paşinyan oldu. Yeri gəlmişkən, Paşinyanın “Qarabağ Ermənistandır” deməsi kimi qeyri-konstruktiv hərəkətləri əslində dolaysıyla  Azərbaycanın dövlət maraqlarına xidmət etmiş oldu...

- Prezident İlham Əliyev  ADA-dakı  çıxışında bir daha belə bir fikir də səsləndirdi ki, erməni cəmiyyəti əsrlərlə erməni qövmünə yanlış faşist ideologiyasının təlqin olunması nəticəsində zəhərlənib və onun müalicəyə ehtiyacı var. Sizcə, politoloji baxımdan bu qövmü necə müalicə etmək olar?

- Politoloji baxımdan erməni qövmünün müalicəsi əslində Azərbaycan dövləti və Azərbaycan xalqının, gəncliyinin, ziyalı və siyasətçilərimizin bu məsələyə münasibətindən əhəmiyyətli şəkildə asılı olacaq.  Biz Qarabağdakı erməni icmasına elə bir şərait yaratmalıyıq ki,  ermənilər onların hüquqlarına hörmət və sayğıyla yanaşdığımıza əmin olsunlar və nəticədə Azərbaycan və erməni xalqları arasında bir etimad yaransın. Bu etimadın yaranmayacağı təqdirdə bu günədək görülmüş işlərin ciddi faydası olmayacaq. Çox təəssüf ki, hazırda hər iki tərəf,  o cümlədən Azərbaycanda da sağmillətçi, ifrat millətçi dairələr var ki, bu mübarizənin doğurduğu gerçəklikləri görürlər, amma perspektivdə anlamırlar ki, nə Azərbaycan, nə də Ermənistan nə Marsa, nə də başqa   coğrafi mövqeyə yerləşəcəklər. Biz əslində tarixən qonşu olmağa məhkum olmuşuq.  Bəzi ifrat millətçi dairələri çıxmaq şərti ilə nə ermənilərin hamısının kökünü kəsmək arzumuz var,  nə də Azərbaycan torpaqlarının hesabına yaradılmış Ermənistan dövlətçiliyinin sonuna çıxmaqla bağlı planlarımız var. Düzdür,  ötən əsrin əvvəllərində o zamankı beynəlxalq  geosiyasi amillərə görə Ermənistan dövlətinin yaranması bir zərurətə çevrilib. Bu da bizə ciddi təhdid və təzyiqlər hesabına başa gəlib... Bunlara rəğmən bu düşmənçliyi sonsuza qədər davam etdirmək niyyəti gələcək nəsillərimiz üçün də faydalı olmayacaq. Ona görə də biz elə bir siyasət həyata keçirməliyik ki,  bu siyasət erməni gəncliyində Azərbaycan dövlətinə və xalqına olan etimadın daha  yüksəlməsinə və tərəflər arasında  münasibətlərin bundan sonra məhz etimad körpüsü üzərindən  qurulmasına və genişlənməsinə şərait yaransın. Müharibə tam başa çatdıqdan, Ermənistan Azərbaycan ərazisindən işğalçı qüvvələrini tam çıxardıqdan və Azərbaycan, eləcə də qardaş Türkiyəyə qarşı ərazi və s. iddialatrından tam imtina etdikdən  sonra  tərəflər müəyyən addımlar atmalıdırılar. Əvvəla, xalq diplomatiyasının da  mexanizmlərinin işlək vəziyyətə gətirilməsində Azərbaycan  dövləti və siyasi partiyalar da maraqlı olmalıdır. İkincisi də Ermənistanla tam normal siyasi, diplomatik, iqtisadi, işgüzar, mədəni-humanitar  münasibətlərə getməyə hazır olmalıylıq və bunu erməni xalqı da görməli, hiss etməlidir...